Logo

Bir daha Mart faciəsini yaşamamaq üçün...

31.03.2023 12:28 777 baxış
IMG

1988-89-cu illərdə Azərbaycanda hadisələr baş verən zaman BDU-nun tələbəsi idim. Fikirləşirdim ki, görəsən niyə ermənilər birdən-birə xalqımıza qarşı belə qəddarlıq etsinlər ki? Niyə “böyük qardaş”larımız bizim bu haqq səsimizi eşitmirlər ki? 

İllər keçdi. Bu niyələrin cavabları mənə o zaman bəlli oldu ki, arxiv sənədləri ilə tanış oldum, 20-ci yüzilliyin əvvəllərində çap olunan milli ruhlu mətbuatı oxudum. Bildim ki, tarix boyu mənfur düşmənlərimizin və onların havadarlarının, Ömər Faiq əfəndi demiş, “züy tutanları”nın xalqımıza qarşı törətdikləri qanlı cinayətlər sən demə bu günün, dünənin işi deyilmiş. Bu təkzibedilməz tarixi faktlar yüzlərlə, minlərlə arxiv sənədlərində, dövrü mətbuat orqanlarının səhifələrində, xatirələrdə bir daha öz təsdiqini tapır. Nə uzun illər varımızı, yoxumuzu bir “malades” üçün daşıyıb qapısına tökdüyümüz “böyük qardaş”larımız, nə də “dost olub hayastan-qardaş olub Azərbaycan” dediyimiz ermənilər bizimlə heç zaman dost olmayıblar (20 Yanvar və Xocalı faciələri bunu bir daha sübut etmədimi?) əksinə hər zaman onların böhtanlarının, iftiralarının qurbanı olmuşuq... 

1919-cu ildə “Azərbaycan” qəzetində Üzeyir bəy yazırdı: “Daşnakların androniklərin vasitəsilə üzərimizə atdığı top və tüfəng güllələrini dəf etmək, onların iftira və böhtanlarını dəf etmək işindən çox asandır, çünki ermənilər cəngavərlikdən artıq böhtan və iftira qurmaq ustalığı ilə məşhurdurlar”. 

Əslində bunu təkcə Üzeyir bəy demirdi. 1919-1920-ci illərdə dəfələrlə Qafqazda, o cümlədən Azərbaycanda münaqişə zonasında olan ingilis hərbi jurnalisti Skotland-Liddellin “Erməni-tatar sazişi. Qarabağda sülhün bərqərar olması” sərlövhəli məqaləsində çox gözəl yazıbdır: “Ermənistan əbədi olaraq toqquşma axtarır, nə vaxt ki, ona nail oldu, onu öz təbliğatlarında “təzyiq aləti” adlandırır...” (qeyd edim ki, həmin məqalənin rusca mətni hazırda Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivində mühafizə edilərək saxlanılır). 

Müəllif məqaləsində ermənilərin və havadarlarının apardığı yanlış təbliğatı “məkirli təbliğat” adlandıraraq onların mətbuatını günahlandırırdı: “Erməni mətbuatı qırğınlar, qəddarlıqlar barədə uydurmalarla və tatarlara qarşı təbliğatla doludur. Bu mətbuatda provokasiya çoxdur və heç şübhəsiz, indiki dövrdə Qafqazda və Ermənistanda baş verən milli münaqişələrin çoxuna görə məhz erməni mətbuatı cavabdehdir”. 

Yeri gəlmişkən bir faktı qeyd etmək yerinə düşərdi ki, ermənilərin və onların havadarlarının apardıqları təbliğat kampaniyasını ifşa etmək üçün ingilis hərbi jurnalistinin şahidi olduğu, qələmə aldığı bu məqalə olduqca maraqlı və aktualdır. Ona görə də prof. Şirməmməd Hüseynov demiş, “...bu yazıların nəşr olunduğu qəzetləri axtarıb tapmaq və ictimaiyyətə dərc olunduğu dildə və şəkildə təqdim etmək çox faydalı olardı. Bu işə Londondakı Azərbaycan səfirliyini də cəlb etmək olar”. Yəqin səfirlik təkliflə bağlı nə isə iş görüb. Çünki bu dəyərli və lazımlı təklifi prof. Ş.Hüseynov 2005-ci ildə irəli sürüb. 

Bəzən ermənilərin özləri də haqsız bir yolda olduqlarını və nahaq qanlar axıtdıqlarını söyləyirlər. Erməni yazıçısı H.Osepyan hələ 1930-cu ildə “Müharibə və quruluşun 10 ili” adlı kitabında açıq-aydın soydaşlarını günahlandırırdı: “Daşnakların iqtidarı zamanında etnik döyüşlər ağlasığmaz həddə çatmışdı... Onlar Ağbabada, Zəngibasarda, Vedibasarda, Şərurda on minlərlə türkü qətlə yetirdilər. Bu vətəndaşların mülkü talan edilib daşnak komandanlarının mülkiyyətinə keçirildi”. 

Qaldı ki, ermənilərin və onlara havadarlıq edənlərin mətbu “fəallığına”, bu, əsrin əvvəllərində də belə olub, bu gün də. Bu haqda Əhməd bəy Ağaoğlu yazırdı: “Bakı qırğını ətrafında təşkil olunmuş təbliğat bütün gözlənilən hədləri aşıb keçmişdir. Yalnız bizim rus mətbuatı deyil, əcnəbi mətbuatı da hər gün ən qərəzli, ən kobud və misli-bərabəri görünməmiş məqalə və xəbərlərlə “işıqlandırılan” və “aydınlaşdırılan” yazılarla doldurulur. Qanlı Bakı günlərinin bir neçə yüz bədbəxt qurbanının çəkdikləri əzablar və ölümləri haqqında deyilənləri cürbəcür şəkillərə salıb şitini çıxarırlar. Təbliğata rəhbərlik edən bacarıqlı əllər bütün vasitələrdən istifadə edir və nə yolla olursa olsun, öz çirkin məqsədlərinə çatmağa can atırlar”. 

Əhməd bəyin bu məqaləsini oxuduqca bəlli olur ki, ustalıqla təşkil olunmuş bu qəzet təşviqatı “böyük qardaş”larımızın bizə qarşı riyakarlığına bu gün bir sübutdur. Müəllif daha sonra yazırdı: “İ.Dolixanov imzalı birisi “Rus” qəzetində “Qafqazın bəlası” başlıqlı məqaləsində Bünyadov familiyalı naməlum şəxsin sözlərinə istinadən sübut etməyə çalışır ki, guya qırğından əvvəl Bakı mollaları, Baş molla (???) məsciddə erməniləri qılıncdan keçirməyə çağırmışdır. “Birjevıe vedomosti” qəzetində Bakıdan xəbər verən c-b Ramm (Protey) qırğında bütün təcavüzkarlıq rolunu müsəlmanların ayağına yazmışdır. Guya Bakı vəkillərinin apardıqları sorğu-sual yolu ilə əldə olunan və indi “Novosti” qəzetində çap edilən sənədlərdə Orlovskaya familiyalı birisinin dililə belə bir ifadə verilir ki, qırğına qədər müsəlman mühəndis Fərrux bəy Vəzirovun mənzilində erməni qırğını hazırlamaq və həyata keçirmək məqsədi ilə yığıncaqlar düzəldilmişdir. Bu yığıncaqlarda guya Məlikov (müsəlman, təbiət elmləri namizədi, müəllim, publisist), Musa Nağıyev (müsəlman, neft sənayesi sahibkarı) iştirak etmişlər”. 

O dövrün arxiv sənədlərindən və mətbuat səhifələrindən də bəlli olur ki, tarixə dəhşətli “Mart faciəsi” kimi düşən mart soyqırımına ermənilər və onların havadarları həm təbliğat, həm də güc baxımından çox böyük hazırlıqlar etmişlər. 

Bakı Xalq Komissarları Sovetinin sədri S.Şaumyan V.İ.Leninə məktub yazaraq “Qafqaz Qırmızı Ordusunun təşkili üçün təcili surətdə on milyon rubl göndərilməsini xahiş edirdi”. Şaumyanın təşkil etdiyi bu “Qırmızı Ordu”nun tərkibi isə tamamilə erməni və ruslardan ibarət idi. Sonra V.İ.Lenin Petrovun komandası altında “Bakı komisarlığına 8.720 nəfərdən ibarət qoşun göndərdi”. Aylarla təlim keçən, yaxşı silahlanan “ordu”, əslində cinayətkar bir dəstə, bu çirkin cinayətlərini həyata keçirmək üçün fürsət gözləyirdi. 

Bunu dövrün ziyalıları da bilirdi. Bu haqda dövrü mətbuatda yetərincə faktlar var. Faciədən üç gün qabaq dövrün tanınmış publisisti Sənətulla-Eynulla İbrahimov “Açıq söz” qəzetinin 15 mart 1918-ci il tarixli sayında “S.İbrahimov” imzası ilə “Dəhşətli saət gəlir, birlik gərək!” sərlövhəli məqaləsində xalqını birliyə səsləyərək bu faciəyə qarşı mübarizəyə çağırırdı. Və yaxud digər qəzetlərdə “Birləşmək gərək”, “Birlik tələb edilir”, “İttihad gərək” şüarları altında çap edilən məqalələr əqidəsindən asılı olmayaraq hər kəsi birliyə çağırırdı. 

Lakin qəzetlərimiz faciə haqqında nə qədər məlumat versələr də, ziyalılarımız onun qarşısını almağa nail ola bilmədilər. Çünki yuxarıda qeyd etdiyim kimi, S.Şaumyanın rəhbərliyi ilə “Qırmızı ordu” bu qırğına çox yüksək səviyyədə hazırlaşmışdır. 

1918-ci ilin mart ayının sonlarından aprel ayının ortalarına kimi “Azərbaycanda insanlığa qarşı tarixdə misli görünməmiş” törədilən bu cinayət təəssüflər ki, sonralar elə öz yazarlarımız tərəfindən də “vətəndaş müharibəsi” kimi qələmə verildi... 

M.Ə.Rəsulzadə hələ o zaman bunun əleyhinə çıxaraq yazırdı: “Şaumyanların Bakıda çıxartdıqları hadisə leninlərin Petroqrad və Moskvadakı hərəkətlərinə bənzəməzdi. Orada sinfi bir hərb, burada isə sinfi hərb namı altında milli bir qəttal, bir qətliam icra olunurdu. Daşnaqlar intiqam alırdı”. 

“Qırmızı ordu” yerli bolşeviklərlə birləşərək Bakıda, Şamaxıda, Qubada və Azərbaycanın bir çox bölgələrində misli görünməmiş bir faciə törətdilər, soyqırımın dalğası bütün Azərbaycanı bürüdü. Kəndlər, şəhərlər xarabazarlığa çevrildi, yerlə-yeksan edildi. On minlərlə dinc əhalini qanına qəltan etdilər. Təkcə Bakıda “on iki min nəfərdən çox günahsız azərbaycanlılar vəhşicəsinə qətlə yetirildilər. Ümumiyyətlə, həmin il martın 31-dən aprelin ortalarınadək Qafqazda, o cümlədən Azərbaycan ərazisində 30 min nəfərə yaxın insan ən vəhşi, qəddar üsullarla məhv edilib”. 

Faciənin ağrısını yaşayan Məhəmməd adlı birisi “Bəsirət” qəzetində “Sağalmaz yaralarımız” adlı məqaləsində yazırdı: “Küçələr meyidlərlə dolmuşdu. Nikolayevski küçəsindən meydana qədər bazar tamam yandırıldı. Uşaq, böyük, arvad, kişi – heç kəsə fərq qoyulmadı, hamısını qətlə yetirdilər. İnsanları vəhşicəsinə öldürdülər. Şəhərdə çox qəribə, vahiməli bir mənzərə yaranmışdı. Daşnaklar yolları tuturdular ki, kəndlərdən kimsə imdada gələ bilməsin. İsmailliyə binası yandırıldı. Şəhərin müsəlman hissəsində salamat ev qalmadı. Bir müsəlman həyətinə daxil oldum. Burada 30-dan 40-a qədər çocuq, arvad və erkək meyitlərini gördüm. Onları ermənilər üst-üstə yığmışdılar. Meyitlər tanınmaz hala salınmışdı. Gördüklərim dəhşət idi...”. 

Dövrün görkəmli publisisti Hacı İbrahim Qasımov yaşadığı və gördüyü o dəhşətli anları belə xatırlayırdı: “...onlar, əsasən, Bakıda sözün əsl mənasında milli qırğın həyata keçirdilər. 18 mart 1918-ci il. Bakıda bütün mətbuatın nəşr edildiyi son gün. Şəhərdə müsəlmanlara məxsus bütün mətbəələr, mətbuat idarəxanaları, milli teatr binaları, məktəblər, xəstəxanalar, məscidlər, hətta əzəmətli “İsmailiyyə” binası yandırıldı, dağıdıldı. Müsəlmanlar və onlara məxsus hər şey vəhşicəsinə məhv edilirdi. Evlərə soxularaq qocaları, uşaqları qəddarlıqla öldürürdülər”. 

Bu dəhşətli faciənin şahidi olan publisist, jurnalist Seyid Hüseynin xatirələrindən oxuyuruq: “Vətəndaş müharibəsi pərdəsi arxasında əsl erməni-müsəlman qırğını keçirən Şaumyan qələbəsindən məmnun idi. Ona müsavatçılar üzərində qələbə lazım idi. Krasnovodskdan Sovetlər üçün göndərilən silahlar, hərbi sursat əslində daşnakların sərəncamına keçirdi. Bu silahların çox hissəsi Mantaşovun zavodunda və Parapet yanındakı erməni kilsəsinin zirzəmisində gizlədilirdi”. Ədib məqaləsinin sonunda faciənin törədilməsində “Daşnaksütyun” partiyasının Bakı təşkilatının lideri Məlik-Yolçuyanın, Bakıda sağ eserlərin lideri S.Sakyanın və fəal bolşevik Məşədi Əzizbəyovun da böyük rol oynadığını bildirirdi. 

S.Şaumyan 13 aprel 1918-ci ildə qələmə aldığı məqaləsində fikrini heç də gizlətmirdi. O, açıq-aydın yazırdı: “Altı min Sovet və 3-4 min daşnak milli hissələri Bakıda müsavatçıların təşkil etdikləri qiyamı yatırmışdı”. S.Şaumyanın qiyam adlandırdığı, “Qızıl ordu”nun erməni hərbi hissələri ilə birlikdə azərbaycanlılara qarşı törətdikləri faciə idi. Bu dəhşətli faciə “martda tökülən qanlar türklərdəki milliyyət və hürriyyət fikrini, Azərbaycan atəşi-müqəddəsini söndürə bilmədi!”. Əksinə azərbaycanlıları milli ideya ətrafında birləşdirdi və nəticədə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını, sonra Azərbaycanı düşməndən azad edərək istiqlalına qovuşdurdu. “Bakı bir qan və bir fitnə ocağı deyil, paytaxtımız oldu!”. 

Böyük qanlar bahasına başa gələn bu istiqlalımızı və paytaxtımızı qorumaq və yaşatmaq xatirinə dostumuzu, düşmənimizi tanıyaq və ona qarşı amansız olaq ki, tarix və taleh bizə bir də mart faciəsini yaşatmasın.

Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist

Xəbər lenti